Cari lin aprel ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 463,789 kvadratmetr (46.38 ha) ərazi yoxlanılıb, 403 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8 min 356 ədəd müxtəlif çaplı patron aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, əməliyyatlara 474 nəfər əməliyyat heyəti, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
Aprel ayı ərzində agentliyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən 14, Dövlət Sərhəd Xidmətindən (DSX) 7 və rayon polis şöbələrindən 2 müraciət daxil olub.
Müraciətlər əsasında 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 13 min 280 kvadratmetr ərazi yoxlanılıb, 263 ədəd partlamamış hərbi sursat, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8 min 356 ədəd müxtəlif çaplı patron aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.