İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxıb.
YeniAvropa xəbər verir ki, bu fikirləri prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ötən gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
N.Əmirov bildirib ki, büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunub.
İqtisadi canlanmanın təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələndiyini deyən N.Əmirov qeyd edib ki, nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artıb.