"Formula-1" üzrə dünya çempionatının aprelin 26-28-də Bakıda keçirilən dördüncü mərhələsi – "SOCAR Azərbaycan Qran-Pri"si zamanı ictimai təhlükəsizliyin və asayişin yüksək səviyyədə təmin olunmasında peşəkarlıq göstərən daxili işlər orqanlarının əməkdaşları təltif olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, yüz minlərlə yerli və əcnəbi azarkeşin böyük coşqu ilə izlədiyi bu möhtəşəm idman yarışının hazırlanması və keçirilməsi zamanı daxili işlər orqanlarının əməkdaşları digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin və asayişin təmini sahəsində yüksək peşəkarlıq nümayiş etdiriblər.
"Formula-1 SOCAR Azərbaycan Qran-Pri"si zamanı üzərlərinə düşən vəzifələri, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirdiklərinə görə polis və Daxili Qoşunların 350 əməkdaşı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə müxtəlif növ mükafatlara layiq görülüb.