logo

Azərbaycanın dostu amerikalı sabiq senator Riçard Luqar vəfat edib

21:13 29-04-2019 | icon 2639
Azərbaycanın dostu amerikalı sabiq senator Riçard Luqar vəfat edib

Aprelin 28-də ABŞ-ın İndiana ştatından Senatın sabiq üzvü olmuş Riçard Luqar 87 yaşında vəfat edib. O, Birləşmiş Ştatların xarici siyasətini mükəmməl səviyyədə bilən siyasətçi kimi tanınırdı. Luqar postsovet ölkələrinə öz nüvə arsenalının ləğv olunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində yardım edilməsi üzrə səylər göstərən nadir Amerika siyasi xadimlərindən biri idi.

YeniAvropa xəbər verir  ki, Riçard Luqar Mərkəzinin aprelin 29-da yaydığı bəyanatda sabiq senatorun bazar günü səhər Virciniya ştatındakı Inova Fairfax Ürək-damar İnstitutunda vəfat etdiyi bildirilir.

Uzun illər ərzində ABŞ Senatının xarici işlər Komitəsində fəaliyyət göstərən Luqar iki dəfə bu komitənin sədri seçilib. O, bu müddətdə prezidentlər Corc Buş (ata), Bill Klinton və Barak Obama administrasiyaları üçün tərksilah paktlarının bağlanmasına öz töhfəsini verib.

2005-ci ildə Senatın xarici işlər Komitəsində respublikaçıların əsas nümayəndəsi olan R.Luqar senator Barak Obama ilə bilikdə Rusiya, Ukrayna və Azərbaycana səfərlər edib. Azərbaycanın dostu olan mərhum senator Vaşinqtonun Bakı ilə əlaqələrinin möhkəmlənməsinə çalışırdı.

Bakıya səfərindən sonra Luqar dəfələrlə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, Azərbaycanın regionda artan nüfuzunu və ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmasının əhəmiyyətini qeyd edib.