SOCAR ilə "BP"nin birgə Türkiyədə inşa etməyi planlaşdırdığı yeni neft-kimya müəssisəsinin təməli bu ilin sonu və ya 2020-ci ilin əvvəlində qoyulacaq.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev deyib.
O qeyd edib ki, təqribən 1,8 milyard dollar investisiya dəyəri olan bu layihə Türkiyədəki digər layihələrimiz kimi önəmlidir. Müəssisə istismara verildiyi zaman Türkiyənin illik təxminən 1 milyon tonluq təmizlənmiş tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Paraksilol (PX) məhsulları üzrə idxal edilən 800 min tonluq məhsul isə Türkiyədə istehsal ediləcək. Yeni zavodun 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.
Xatırladaq ki, ötən il dekabrın 20-də "BP№ və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.