logo

İzmirdə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib

20:20 29-04-2019 | icon 3346
İzmirdə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib

İzmir şəhərində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iclasda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar. Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalanıb.

Daha sonra KİV nümayəndələrinə açıqlama verən nazirlər Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar, bu sahədə dinamik inkişafı qorumaq üçün həyata keçirilən tədbirlər və digər məsələlər barədə geniş məlumat verən nazir İnam Kərimov qardaş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük səmərə verdiyini bildirib.

Türkiyənin kənd təsərrüfatı sahəsində geniş imkanlara malik olduğunu vurğulayan nazir Bekir Pakdemirli Azərbaycanla əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.

Qeyd olunub ki, tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün mövcud imkanlardan daha səmərəli istifadə etməyi hədəf götürüblər. Bu əməkdaşlıq sayəsində kənd təsərrüfatı sahəsində geniş perspektivlər, o cümlədən məhsulların ixrac həcmini artırmaq üçün yeni imkanlar yaranıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazirlər diqqətə çatdırıblar ki, Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatının bütün sahələri üzrə mövcud olan səmərəli əməkdaşlıq dinamik inkişafdadır.