İran ilə Azərbaycan sığorta sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək və birgə investisiya fondu yaradacaqlar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib. Nazir bildirib ki, bu gün İran ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulması üçün imkan yaradır.
O diqqətə çatdırıb ki, sığorta sahəsində əməkdaşlıq əlaqələrinin qurulması vətəndaşların və şirkətlərin iş qurmaq istəklərinə köməklik göstərəcək. Şirkətlər qarşılıqlı investisiya yatırarkən əmin olacaqlar. Onların əmlakı və maliyyə vəsaitlərinə dövlətlər zəmanət verəcək. Bu isə qarşılıqlı sərmayə yatırılmasını artıracaq.
F.Dejpəsənd nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Onun sözlərinə görə, qarşıdakı 2 ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İran ilə Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan verəcək.
İranlı nazir onu da bildirib ki, dövlətlər arasında birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsi də müzakirə edilir.