Yanvar ayından etibarən Lənkəran-Lerik avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb.
YeniAvropa xəbər verir ki, 56 kilometrlik yolun sürüşmə aktivliyinin daha çox müşahidə edilən hissələrində 100-150 metr uzunluğu və 4-5 metr hündürlüyü olan istinad divarları tikilir. Yolun 18, 21, 33, və 36-cı kilometrliyində torpaq sürüşməsinin və uçqunların qarşısını almaq məqsədilə tikilən divarların təməlinin hündürlüyü 2 metr, eni 1,2 metrdir.
Bundan başqa, yol yatağının əlavə bərkidilməsi işləri görülür, suötürücü borular quraşdırılır. Həmçinin sərt döngələrdə və dörd körpüdə genişləndirmə işləri aparılır.
İki hərəkət zolağı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 12 metr, asfalt beton örtüyüünü eni isə 7 metr nəzərdə tutulub.
Lənkəran-Lerik avtomobil yolunun yenidənqurmadan sonra bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.