logo

Azərbaycanın və Özbəkistanın vəkilləri əməkdaşlıq edəcəklər 

20:59 27-04-2019 | icon 2828
Azərbaycanın və Özbəkistanın vəkilləri əməkdaşlıq edəcəklər 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Vəkillər Palatasının dəvəti ilə Daşkənd beynəlxalq yaz hüquq forumunda iştirak edib.

Vəkillər Kollegiyasından YeniAvropa-ya bildirilib ki, beynəlxalq arbitraj və məhkəmə icraatı, investisiyalar: fürsətlər və çətinliklər, dövlət planlaşdırılması, inzibati islahatlar və s. mövzuları əhatə edən ikigünlük forumda region ölkələrinin vəkillər assosiasiyaları, dövlət və qeyri-dövlət hüquq təsisatlarının rəhbərləri iştirak ediblər.

Forum çərçivəsində Azərbaycanın Vəkillər Kollegiyası ilə Özbəkistanın Vəkillər Palatası əməkdaşlıq sazişi imzalanıb.

Hər iki qurumun sədrləri Anar Bağırovun və Alim Ernazarovun imzaladıqları sazişdə Azərbaycanın və Özbəkistanın vəkillik təsisatları arasında əlaqələrin gücləndirilməsi, vəkilliyin inkişafı, hüquqi tənzimləmə sahəsində vəkilliyin rolunun gücləndirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, vəkillik sahəsində təcrübə, normativ-hüquqi aktlar, metodiki tövsiyələr və məlumat mübadiləsinin, konfransların, seminarların, mühazirələrin və praktiki məşğələlərin təşkili, vəkillərin peşə hazırlığı, ixtisaslarının artırılması və peşə səviyyəsinin təkmilləşdirilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri əksini tapıb.

Forum çərçivəsində Çin, ABŞ, Rusiya, Türkiyə, Belarus, Polşa Vəkillər kollegiyalarının rəhbərləri ilə də ikitərəfli görüşlər keçirilib.

Vəkillər Kollegiyasının nümayəndə heyətinə qurumun sədr müavini Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, vəkillər Cabbar Bayramov və Anar Qasımlı daxil ediliblər.