logo

QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci ildəki fəaliyyəti müzakirə olunub

15:57 26-01-2018 | icon 2779
QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci ildəki fəaliyyəti müzakirə olunub

Ötən il Şuranın dəstəyi ilə 494 layihə həyata keçirilib. YeniAvropa xəbər verir  ki, yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib.Tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun ötən ildəki fəaliyyətinin yekunlarını şərh edərək il ərzində QHT sektorunun inkişafı istiqamətində görülmüş işlərdən danışıb, həyata keçirilən tədbirlərin ictimai əhəmiyyətini və aktuallığını vurğulayıb. Bildirib ki, 2018-ci ildən etibarən QHT-lərin apellyasiya müraciətləri elektron qaydada qəbul ediləcək. Bununla bağlı artıq e-qht.az saytında apellyasiya bölməsi yaradılıb. 2018-ci ildə həmçinin “e-növbə” proqram təminatının istifadəyə verilməsi planlaşdırılır. Bu proqram vasitəsilə QHT-lər qrant müqaviləsinin bağlanması ilə bağlı bütün prosesləri elektron qaydada həyata keçirəcəklər. Müqavilə bağlanması üçün Şuraya gəlmək vaxtını özləri təyin edə biləcəklər.

A.Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən Şura Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrində ilk və yeganə qurum olaraq digər büdcə təşkilatları bölməsində qeydiyyata alınıb. Şura dörd dövlət proqramın icrasında yaxından iştirak edib.

Azay Quliyev diqqətə çatdırıb ki, keçən il Şuranın dəstəyi ilə 494 layihə həyata keçirilib. Şuranın layihələr üçün ayırdığı vəsaitin ümumi büdcəsi isə 3 114 900 milyon manat olub.

Şuranın katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Bildirib ki, “Vətəndaş cəmiyyəti” jurnalının 12 sayı işıq üzü görüb, jurnalda 600-dən çox QHT-nin fəaliyyəti işıqlandırılıb. Şuranın www.qhtxeber.az saytında il ərzində 48 min xəbər yerləşdirilib və sayta ümumi baxış sayı 340 min İP təşkil edib. 2017-ci il ərzində Şurada 21 beynəlxalq təşkilatın və xarici ölkə səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilib. Maliyyələşən layihələrin icrasına 1739 nəfər cəlb olunub. Onlardan 615 nəfər daimi, 1124 nəfər isə müvəqqəti işçilərdir. Layihələr çərçivəsində keçirilən tədbirlərdə 80 223 nəfər iştirak edib. Onlardan 33 269-u qadın, 46 954 nəfəri isə kişi olub. Şura tərəfindən 280 təlim keçirilib. Bu təlimlərdə 7687 nəfər iştirak edib. Keçən il ərzində 1259 müxtəlif tədbir keçirilib. 31 adda kitab, 27 kitabça, 161 buklet, 130 poster, təqvim hazırlanıb.

Fərasət Qurbanov bildirib ki, 2017-ci il ərzində 35 televiziya verilişi, 26 sosial çarx, 20 film, 16 sayt və 6 digər növ tədbirlər təşkil olunub.

F.Qurbanov Şuranın 2017-ci ildə maliyyələşdirdiyi layihələrdən bəhs edən yeni tərtib olunmuş kitab haqqında da məlumat verib.

Sonra QHT rəhbərləri Rauf Zeyni, Niyaməddin Orduxanlı, əməkdar jurnalist Azər Həsrət və digər şəxslər Şuranın 2017-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər.

Sonra Şuranın il ərzində QHT sektorunun inkişafı istiqamətində yerinə yetirdiyi işlər, maliyyələşdirilmiş layihələr, əldə edilmiş nəticələr barədə müzakirələr aparılıb.

Konfransda iştirakçılara 2017-ci ildə maliyyələşdirilən layihələrlə bağlı kitab təqdim olunub.