logo

Ankara-Bakı yeni aviareysin rəsmi açılışı olub

17:59 23-04-2019 | icon 3157
Ankara-Bakı yeni aviareysin rəsmi açılışı olub

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Türk Hava Yolları”nın (THY) Bakı-Ankara-Bakı reysinin açılış mərasimi keçirilib. YeniAvropa xəbər verir  ki, THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bu reysin iki paytaxt arasında məsafələri qısaltmaq baxımından əhəmiyyətli olduğunu bildirib.

“Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu baxımdan siyasilərdən ibarət sərnişin potensialı var. Həmçinin Ankara və ətraf regionlarda təhsil alan tələbələr, ora müalicəyə gedən şəxslər və sair potensial olaraq bizim sərnişinlərimizdir. Uzun müddət idi ki, paytaxtları bir-birinə bağlayan bu reysi açmağı düşünürdük. Nəhayət bu gün reallaşdırdıq”, - deyə o, qeyd edib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY-nin baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edib.

Qeyd edək ki, “Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayıb.

Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq. Bununla da Türkiyədən Azərbaycana olan birbaşa uçuşların icra edildiyi şəhərlərin sayı 3 olur.