logo

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

13:29 23-04-2019 | icon 2709
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

Bakı şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Bu barədə  YeniAvropa-ya Bakı şəhər İcra Hakimiyyətində məlumat verilib.

Müşavirədə qeyd edilib ki, bu il Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilib və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcəkdir.

Həmçinin müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, mənfi hallara yol verilmədən aparılması müzakirə olunub.

Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda mənfi hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, qəbul məsələlərində nəzarətə götürülmüş və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək. Bu istiqamətdə işlər davam edir.