logo

Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

12:58 23-04-2019 | icon 3332
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi haqqında hazırlanmış videoçarx nümayiş olunub.

“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.

Tədbiri QSTF-nin sədri Ruslan Quliyev açaraq sağlamlıq turizminin inkişafının ölkəmiz üçün vacib sahə olduğunu qeyd edib. Bildirib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq. Qeyd edib ki, forum çərçivəsində Bakı deklarasiyası qəbul olunacaq ki, bu da yaxın bir neçə ildə üzv ölkələrin bütün təşkilatlarının yol xəritəsi kimi münasibətləri, fəaliyyət planını tənzimləyəcək sənəd olacaq. Həmçinin 5-ci Assambleyada quruma yeni sədr seçiləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev dövlətimizin turizm sahəsinə göstərdiyi diqqət və qayğıdan danışaraq deyib ki, bunun nəticəsidir Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov qeyd edib ki, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi təmsil etdiyi qurumun fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur. Onun sözlərinə görə, sağlamlıq turizmi üçün potensialı olan bölgələrdə mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviq olunması, eləcə də sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına kiçik və orta sahibkarların cəlb edilməsi agentliyin maraq dairəsinə daxildir.

Ölkəmizdə sağlamlıq turizmin inkişafı ilə bağlı böyük imkanların olduğunu vurğulayan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib ki, bununla bağlı yaxın vaxtlarda fəaliyyət planının qəbul olunması gözlənilir. Onun sözlərinə görə, bu isə ölkəmizdə sağlamlıq turizminin inkişafına və daha çox turistin gəlməsinə şərait yaradacaq: “Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq”.

Tədbirdə çıxış edən Qlobal Sağlamlıq Turizmi Forumunun qurucu prezidenti Emin Çakmak söyləyib ki, Azərbaycanın çox fundamental sağlamlıq turizm sənayesi var. O, sağlamlıq turizm sənayesinin dövriyyəsinin 650 milyard dollara çatdığını bildirib: “Sağlamlıq turizminin 8 seqmenti var. Bu gün bu sahə ən sürətli inkişaf edən sahələrdən biridir. Xüsusi şüarımız da var “Qlobal Sağlamlıq Hamı üçün”.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Naxçıvan Muxtar Respublikası Dövlət Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Sonra AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası arasında Assosiativ Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Forum panel iclasları ilə davam edib.