Bu vaxtadək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 156,2 milyard m3 təbii qaz hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda keçirilən IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov məlumat verib.
Nazir bildirib ki, işlənmənin əvvəlindən bu il aprelin 1-dək AÇG-dən 481 milyon tondan çox neft çıxarılıb. “Bu yataqlarda daha 500 milyon ton neft ehtiyatı proqnozlaşdırılır. Nazirliyin hesablamalarına görə, cari ildə ölkədə neft istehsalı sabit qalacaq, təbii qaz hasilatı isə artacaq”,-deyə Pərviz Şahbazov vurğulayıb.