logo

Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarükünə başlayacaq

17:46 20-04-2019 | icon 3234
Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarükünə başlayacaq
 

2020-ci ilin ikinci yarısında TAP kəməri ilə Azərbaycan qazının Avropaya kommersiya tədarükünə başlanacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bu gün jurnalistlərə müsahibəsində deyib.

Xatırladaq ki, bir qədər əvvəl SOCAR bəyan etmişdi ki,  TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra, 2020-ci ilin ortalarında başlaması gözlənilir.

“Əfsuslar olsun ki, TAP qaz kəmərinin istifadəyə verilməsi ilkin qrafikdən bir qədər ləngiyir. Bu, İtaliyada baş verən hadilsələr (ekologiya ilə bağlı – red.) və bir sıra texniki səbəblərlə əlaqədardır. Azərbaycan qazının Avropaya kommersiya tədarükünə 2020-ci ilin ikinci yarısında başlanacaq, lakin ayı dəqiq qeyd etməyəcəyəm. Qazın sınaq tədarükünə daha əvvəl da başlanıla bilər”, - deyə V.Əliyev bildirib.

O, həmçinin bəyan edib ki, TANAP-ın tikintisində heç bir gecikmə yoxdur və elan olunduğu kimi, 1 iyul 2019-cu il tarixinə boru kəməri Azərbaycan qazının Avropaya tədarükü üçün tam hazır olacaq.

2019-cu ilin fevral ayında TAP konsorsiumun icarçı direktoru Luka Şippatti bəyan edib ki, TAP-ın tikintisi üzrə irəliləyiş 85%-i keçib, qaz kəməri 2020-ci ildə Azərbaycan qazının qəbuluna hazır olacaq.

Qeyd edək ki, ümumi uzunluğu 1,85 min km olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. m3 təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. m3-i Avropaya, 6 mlrd. m3-i Türkiyənin qərb regionlarına göndəriləcək.

Bu il aprelin 15-dən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə konsorsium boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək (Əskişəhər-İpsala) olan hissəsinə qazın verilməsinə başlayıb.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir.