Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 19-da axşam saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarında qarla müşayiət olunub.
YeniAvropa xəbər verir ki, bu haqda Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib. Onun sözlərinə görə, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.
Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ziyan vurub.
Yardımlı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimetrdir.
Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Yaz fəslində yağan qar yaşayış məntəqələrində hər hansı bir problem yaratmayıb.