logo

İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

21:59 19-04-2019 | icon 3374
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Aprelin 19-da İstanbulda Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib. İclasda Türkiyəni energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkmənistanı isə “Türkməngeologiya” Dövlət Korporasiyasının sədri Şahım Abdrahmanov təmsil edib.

YeniAvropa xəbər verir  ki, Energetika Nazirliyindən verilən məlumatda bildirlib ki, görüşdə ölkələr arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə indiyədək Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində keçirilən ardıcıl görüşlər, qəbul edilmiş sənədlər, ortaq regional maraqlar, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Böyük İpək Yolunun bərpası kimi layihələrin üçtərəfli formatda əməkdaşlıq üçün güclü baza formalaşdırdığı qeyd edilib, bu formatın enerji sahəsində inkişafı perspektivləri nəzərdən keçirilib.

Sonda görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanıb. Sənəddə mövcud əməkdaşlığı bərpaolunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar, təcrübə mübadiləsi sahələrinədək genişləndirmək, hər üç ölkənin neft-qaz sənayesində, enerji sektorunda çalışan şirkətləri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, sərgi, konfrans və seminarların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Tədbir çərçivəsində Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitərəfli görüş də olub.