Xətai rayonu ərazisindəki mağazalardan birinin sahibi 37-ci polis şöbəsinə müraciət edərək marketdən 250 manat məbləğində pulun, danışıq kartlarının və tütün məmulatlarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, faktla əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşları tərəfində əməliyyat-axtarış tədbiri keçirilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq hadisəsini törətdiklərini etiraf ediblər.
Xətai Rayon Polis İdarəsində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.