Hazırda Lerik rayonunda yaşı 100-ü keçmiş 20-dən çox sakin yaşayır.Onların arasında ən yaşlısı 1914-cü ildə anadan olmuş Raci İbrahimovadır.
YeniAvropa xəbər verir ki, bu barədə Lerik rayon Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva məlumat verib. Onun sözlərinə görə, 1991-ci ildə Lerikdə dünyada ilk olan Uzunömürlülər Muzeyi yaradılıb. İki ekspozisiyadan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alır.
"Raci nənə 1914-cü ildə anadan olub. Digər uzunömürlümüz isə Əliabad kəndində yaşayan 1915-ci il təvəllüdlü Gülənbər Səlimovadır. Rayonun Cəngəmiran kəndində də yaşı 100-ü keçmiş Məmmədxan kişi yaşayır”.
O, həmçinin bildirib ki, muzeyə yerli turistlərlə yanaşı, çoxlu sayda xarici qonaq da gəlir. Muzeyi İordaniyanın, İsrailin, Belçikanın və Fransanın səfirləri də ziyarət edib. “Bundan başqa, muzeyimizə Rusiyanın bir çox bölgələrindən, Türkiyə, Ukrayna və Almaniyadan gələnlər də olub. Onları heyran edən buranın sakinlərinin milli geyimləri, adət-ənənələrə bağlılığı və təbii qidalara üstünlük vermələridir”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, ucqar dağ rayonu olan Lerikdə əhalinin sayı 84 min nəfərdir. Planetimizin ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümovun, Pirəsora kənd sakin 150 yaşlı Mahmud Eyvazovun, Lerikdə ən uzunömürlü qadın olan Cəngəmiran kənd sakini 134 yaşlı Qızıl Quliyevanın adları Ginnesin Rekordlar Kitabına düşüb.