logo

Rəsmilər kartof, soğan və kələmin tezliklə ucuzlaşacağını vəd edirlər

20:57 16-04-2019 | icon 3136
Rəsmilər kartof, soğan və kələmin tezliklə ucuzlaşacağını vəd edirlər

Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.

YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında deyilir. "Məlum olduğu kimi martın sonunda və aprelin əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunurdu. Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artıb və aprelin ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.

Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 0,79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 1,09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1 manatdan, marketlərdə isə 1,29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır",-deyə nazirliklərin birgə məlumatında qeyd edilib.