logo

Azərbaycanın 2 ayda xarici ticarət dövriyyəsi 5 milyard dolları ötüb

17:15 16-04-2019 | icon 3101
Azərbaycanın 2 ayda xarici ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac edilib, 138 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 955,4 milyon dollar, idxalın dəyəri 2 milyard 165,8 milyon dollar təşkil edib, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13 faiz, o cümlədən idxal 49,1 faiz artıb, ixrac isə 4 faiz azalıb. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 37,7 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 7,6 faizini Almaniyaya, 4,7 faizini İspaniyaya, 4,6 faizini Portuqaliyaya, 4,4 faizini Hindistana, hər biri 3,7 faiz olmaqla Gürcüstan və Avstriyaya, 3,4 faizini Çexiyaya, 2,8 faizini Rusiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini Fransaya, 2,4 faizini İsrailə və qalan 11 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7 faizi İsveçrə, 11,6 faizi Rusiya, 9,1 faizi Türkiyə, hər biri 8,4 faiz olmaqla İran və Çin, 5,8 faizi Kanada, 4,3 faizi ABŞ, 3,9 faizi Almaniya, 3,7 faizi Avstraliya, 3 faizi Ukrayna, 2,6 faizi Belarus, 2,4 faizi İtaliya, 24,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.