logo

Məsciddən pul oğurlayan şəxs saxlanılıb

11:53 16-04-2019 | icon 2639
Məsciddən pul oğurlayan şəxs saxlanılıb

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib.

YeniAvropa xəbər verir  ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkən rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını qeyd edib. Cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Anar Mirzəyev bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da aydınlaşıb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.