Aprelin 14-də saat 09:06-da Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Agentlikdən YeniAvropa-ya bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində doqquz ədəd təlim məqsədli tank əleyhinə mina və bir ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunaraq götürülüb və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.