Jurnalist Ülviyyə Şamilqızı Həştərxan şəhərində avtomobil qəzasında dünyasını dəyişib
Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vurararq öldürüb. YeniAvropa xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.
Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Xatırladaq ki, Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində itkin düşüb. O, Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq, itkin düşüb. Sonradan ona şəhid statusu verilib.
Belə ki, 1992-ci il noyabr ayının 4-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə əsgərlərdən bir neçəsi yaralanıb. Düşmən onların olduğu ərazini daim atəş altında saxladığından yaralıları döyüş meydanından kənarlaşdırmaq mümkün olmayıb. Belə olan halda, gizir Şamil Məmmədov öz həyatını təhlükəyə atıb, yaralı əsgərləri xilas etmək üçün irəliləyib. Amma, az keçməmiş onun özü də düşmən gülləsinə tuş gəlib, yaralanaraq həmin ərazidə qalıb. Vəziyyət getdikcə daha da ağırlaşdığından hərbçilərimiz döyüş mövqelərini itirərək, geri çəkilmək məcburiyyətində qalıblar. Bu səbəbdən gizir Şamil Məmmədovla yanaşı, bir neçə yaralı əsgəri də ərazidən uzaqlaşdırmaq mümkün olmayıb. Həmin vaxtdan bu günə kimi də ailə üzvləri ondan hər hansı məlumat ala bilməyib.
Ülviyyə Şamilqızı yaxın aylarda ailə qurmağa hazırlaşırdı. Allah rəhmət eləsin!