Aprelin 11-də dağlardan qopan böyük qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
YeniAvropa xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları xüsusi texnika vasitəsilə qaya parçalarını yoldan kənarlaşdırıblar. Hazırda Xınalıq və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir maneə yoxdur.
Təbiət hadisəsi bu gün saat 15:50 radələrində yolun 36-cı kilometrliyində baş verib. Dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkəti davam etdiyindən bir müddət texnika ilə əraziyə yaxınlaşmaq mümkün olmayıb. Yalnız ərazidə sürüşmə sabitləşəndən sonra yolun hərəkət hissəsi qaya parçalarından təmizlənib.