Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.
YeniAvropa xəbər verir ki, bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı səsləndirib.
Onun sözlərinə görə, qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.
“Ona görə də vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları, o cümlədən əmək pensiyası alanlar üçün yeni təsis olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq”, - deyə F.Talıblı qeyd edib.
Xatırladaq ki, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları, o cümlədən əmək pensiyası alanlar üçün aprelin 1-dən prezidentin aylıq təqaüdü təsis edilib.