logo

Evləri yanan 23 məcburi köçkünə kirayə pulu veriləcək

19:29 10-04-2019 | icon 2674
Evləri yanan 23 məcburi köçkünə kirayə pulu veriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aprelin 10-da Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğınla əlaqədar məlumat yayıb.

Komitənin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş nazirin müavini Əli Əhmədov, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan çəkmiş 23 mənzildə yaşayan məcburi köçkünlərə dövlət tərəfindən kirayə pulu veriləcək.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyi yanğının başvermə səbəblərini araşdırır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmalardan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.