"Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsi prosesi davam edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, indiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manat ödənilməsi qərara alınıb. Artıq 778 min manat məbləğındə maddi yardım 89 zərər çəkmiş sahibkarın bank hesabına köçürülüb.
Qeyd edək ki, ödənişlər "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.
Xatırladaq ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yüzlərlə sahibkara ziyan dəyib. Prezident İlham Əliyev martın 29-da Bakı şəhərinin Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.