Aprelin 1-nə olan məlumata əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manatı keçib, 26 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.
Fonddan YeniAvropa-ya bildirilib ki, bu kreditlərin 380,3 milyon manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (2019-cu il aprelin 1-dək) fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67,9 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19,5 faizi isə regionlarda verilib.
2017-ci ildə fondun xətti ilə 3109 nəfər ailəyə 203 milyon manat məbləğində, ötən ildə 3960 ailəyə 273 milyon manatlıq ipoteka krediti verilib. Cari ilin yanvar-mart aylarında isə 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 milyon manat) mənzil əldə edib.