162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova işdən kənarlaşdırılıb.
YeniAvropa xəbər verir ki,bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
"Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib", -deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı yayılıb.
Səs yazısında məktəb direktoru faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib. Səs yazısında direktor ona müraciət edən jurnalistə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.