logo

Bakıda  “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib

10:31 08-04-2019 | icon 2891
Bakıda  “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib

10 aprel-İnşaatçılar Günü münasibətilə Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib.

YeniAvropa xəbər verir  ki, "PROAKTİV PR" agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMIU), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası(AQSIA) dəstək verib. Layihənin məqsədi tikintidə, xüsusən sağlam həyat tərzində ekoloji sağlam inşaat materiallarının önəmini vurğulamaq, cəmiyyəti bu sahədə zəruri praktiki biliklərlə məlumatlandırmaq, keyfiyyətli inşaat materialları istehsalçıları ilə bu sahədə təhsil alan tələbələr və potensial istehlakçı auditoriyası arasında körpü rolu oynayacaq yeni platformanın yaradılması olub.

 Forumda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları, inşaat materialları istehsalçıları, tikinti şirkətləri nümayəndələri, eləcə də bu sahədə akademik təhsil alan magistr və doktorantlar iştirak edib. AzMİU-nun Ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevin Azərbaycanda memarlıq və inşaatın ətraf mühitə təsiri haqda yerli və beynəlxalq təcrübəni praktiki nümunələr əsasında çıxışı, AzMİU-nun Materialşünasılıq kafedrasının müdiri, professor İradə Şirinzadənin ekoloji sağlam inşaat materiallarının tikintidə və insan həyatında önəmi haqda çıxışı, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədovun binalarda enerji effektivliyi və ekologiya problemləri mövzusunda çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb. 

 Tədbirdə “Enerji sərfiyyatına maksimum qənaət, maksimum komfort” devizi ilə istehsalına başlanılan Thermomax termo izolyasiya sisteminin təqdimatı keçirilib. Thermomax izolyasiya sistemi tikinti və təmir şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. 
    Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu”na  "Arka İnşaat Təmir və Tikinti" şirkəti, Türkiyənin "DİNÇ İstanbul İnşaat" şirkəti, "KƏPƏZ Alçın", eləcə də "Gobustone" ekoloji sağlam məsaməli hörgü blokları şirkətləri təşkilati dəstək veriblər. "PROAKTİV PR" agentliyi gələcəkdə də inşaat və digər sektorlarda cəmiyyətə faydalı müxtəlif aktual mövzular üçün yeni platformalar yaratmaq niyyətindədir.