logo

İlham və Mehriban Azərbaycan tarixində milyonuncular kimi qalacaqlar

13:21 07-04-2019 | icon 2744
İlham və Mehriban Azərbaycan tarixində milyonuncular kimi qalacaqlar

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan körpə ölkə tarixinə adını Mehriban olaraq yazdırıb.

YeniAvropa xatırladır ki, sonuncu belə hadisə 9 il əvvəl- 2010-cu ildə yaşanıb. Həmin il yanvarın 15-i saat 05:10-da Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər doğum mərkəzində dünyaya gəlib. Əhmədov İslam və Əhmədova Aynur cütlüyünün ailəsində doğulan uşağın cinsi oğlan, çəkisi 2,9 kq, boyu 49 sm olub. Körpəyə İlham adı verilib.

Təsadüfdən həmin vaxt doğulan uşağın atası da polis əməkdaşı olub. İ.Əhmədov Bakı şəhəri, Nizami rayon polis idarəsi, 25 saylı polis bölməsində - əməliyyat müvəkkili, polis kapitanı vəifəsində çalışıb. 

Prezident İlham Əliyev 9 milyonuncu vətəndaşinin sosial müdafiəsi ilə bağlı imzaladığı sərəncamla 2010-cu il yanvarın 15-də respublikamızın 9 milyonuncu sakini Əhmədli İlham İslam oğlunun valideynlərinə Bakıda mənzil verilib. Həmçinin, Azərbaycan Respublikası prezidentinin Ehtiyat Fondundan ölkəmizin 9 milyonuncu vətəndaşı Əhmədli İlham İslam oğluna iyirmi min manat məbləğində vəsait ayrılıb.

Mərkəzi Bankı tapşırılıb ki, Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.

Qeyd edək ki, aprelin 6-da Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.Ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova orta məktəbdə müəllim işləyir. Onun həyat yoldaşı Rauf Həsənov isə polis serjantıdır.  

Ötən gün 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər. Bu gün isə 10 milyonuncu vətəndaşın şərəfəinə paytaxtın müxtəlif yerlərində bayram konsertləri təşkil ediləcək.