logo

KOBİA ilə Beynəlxalq Bank niyyət protokolu imzalayıb

13:50 05-04-2019 | icon 3206
KOBİA ilə Beynəlxalq Bank niyyət protokolu imzalayıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığa dair niyyət orotokolu imzalanıb. Sənəd kiçik və orta biznesə (KOB) dəstək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, protokola uyğun olaraq, agentlik ilə Beynəlxalq Bank dövlət və özəl sektor arasında əlaqələrin daha da genişləndirilməsi, innovativ təşəbbüslərin reallaşdırılması, startap, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi və inkişafı, sahibkarların maarifləndirilməsi kimi istiqamətlərdə birgə tədbir və layihələr həyata keçirəcək. Bu əməkdaşlıq KOB subyektlərinin sərgilərdə, təcrübə mübadiləsi proqramlarında iştirakının təmin olunması, qadın, gənc və ailə sahibkarlığının inkişafına dəstək, sahibkarlar üçün müvafiq təşviqedici kampaniyaların, konqreslərin və digər bu kimi tədbirlərin təşkili, KOB-ların maarifləndirilməsini əhatə edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, agentlik KOB-lara dəstək məqsədilə bu cür tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır: “Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaq. Son nəticədə isə bütün bunlar kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcək”.

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov bildirib: “İri korporativ müştərilərimizlə yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir. İnanırıq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə imzaladığımız niyyət protokolu bu məqsədlə planlaşdırdığımız layihələrin icrasına böyük töhfə verəcək”.

Niyyət Protokoluna Azərbaycanın müxtəlif bölgələrində KOB inkişaf mərkəzlərinin yaradılması, sahibkarlara Azərbaycan Beynəlxalq Bankının təlim və innovasiya infrastrukturundan faydalanmaq üçün imkanların yaradılması, sahibkarların maliyyə savadlılığının artırılması kimi əhəmiyyətli təşəbbüslər də daxildir.