logo

Qazaxıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 62 faiz artıb

14:10 04-04-2019 | icon 3507
Qazaxıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 62 faiz artıb

2018-ci ilin yekunlarına əsasən, Qazaxıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 220,54 milyon ABŞ dollarına bərabər olub. Bu, 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 62,6 faiz çoxdur.

 YeniAvropa xəbər verir  ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev KİV-ə müsahibəsində  məlumat verib. Onun sözlərinə görə, Qazaxıstandan Azərbaycana ixrac 61,8 faiz artaraq 174,14 milyon ABŞ dollarına, Azərbaycandan Qazaxıstana idxal isə 35,6 faiz artaraq 46,4 milyon ABŞ dollarına bərabər olub.

Diplomat qeyd edib ki, 2017-ci ilin aprel ayında Qazaxıstan Respublikasının birinci Prezidenti – millətin lideri Nursultan Nazarbayevin Azərbaycana səfəri iki ölkə arasında ticari-iqtisadi əlaqələrə ciddi təkan verib, bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə çatıb və ən yüksək səviyyədə əldə edilmiş razılaşmalar uğurla həyata keçirilir.

Diplomat deyib: “Hazırda ticari-iqtisadi sahədə müsbət dinamika bizim qarşılıqlı münasibətlərimizin xüsusi qürur mövzusudur. 2020-ci ilə qədər qarşılıqlı əmtəə dövriyyəsinin iki dəfə artırılması məsələsi uğurla həyata keçirilir. Bununla bərabər, qeyd etmək istərdim ki, qarşılıqlı ticarətin həcminin ikiqat artırılması vəzifəsi qarşıya qoyularkən 2016-cı ilin yekunları əsas götürülüb. Həmin ildə əmtəə dövriyyəsinin həcmi cəmi 124,38 milyon ABŞ dollarına bərabər olub. Bu o deməkdir ki, son iki ildə qarşılıqlı ticarətin həcmi təqribən 80 faiz artıb. Beləliklə, güman edirəm ki, biz artıq cari ildə nəzərdə tutulan hədəfə çatacağıq”.

Beybit İsabayev vurğulayıb ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qazaxıstandan Azərbaycana taxıl satışının əvvəlki həcmini bərpa etməyin zəruri olması barədə ortaq fikrə gəliblər. Səfir deyib: “Bu tapşırığın yerinə yetirilməsi məqsədilə ölkələrimizin səlahiyyətli orqanları arasında müvafiq işçi qrup fəaliyyət göstərir. Həmin qrupun işi çərçivəsində Qazaxıstandan taxıl ixracının artırılması üçün praktiki mexanizmlər yaradılır. Nəticədə artıq həmin məsələdə müəyyən müsbət dəyişikliklər müşahidə olunur. Belə ki, 2017-ci ildə Qazaxıstandan Azərbaycana 76,5 min ton taxıl göndərildiyi halda, 2018-ci ildə bu göstərici 288 min tondan çox olub. Qazaxıstandan taxıl ixracının artması ilə yanaşı, düyü ixracı 3,5 dəfə artaraq 7,2 min tona, mərcimək ixracı isə 4 dəfə artaraq 3,1 min tona bərabər olub”.