logo

Bu gün Bakıda açılan “AITF 2019” sərgisində 17 ölkədən 189 şirkət iştirak edir

10:27 04-04-2019 | icon 3241
Bu gün Bakıda açılan “AITF 2019” sərgisində 17 ölkədən 189 şirkət iştirak edir

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci dəfə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (ATIF - 2019) öz işinə başlayıb. YeniAvropa xəbər verir  ki, 3 gün  davam edəcək sərgi müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələrini bir araya gətirəcəkdir.

“Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunur. Xüsusi sektor olan “Tibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus Respublikasını, Bolqarıstanı, Çex Respublikasını, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.

Qeyd edək ki, bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.