Cəlilabad rayon sakini, yanvarın 25-də itkin düşmüş 1993-cü il təvəllüdlü Sahib Mahmudovun axtarılıb tapılması istiqamətində Azərbaycan Respublikasının polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, o, həmin tarixdə Masallı rayonu ərazisində qətlə yetirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, aparılmış tədbirlər nəticəsində Cəlilabad və Abşeron rayon Polis şöbələrinin istintaq bölmələrində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə başlanmış cinayət işləri üzrə istintaq zamanı təqsirləndirilən şəxslər Əli Ələkbərli və Altay Ağamalızadə tərəfindən Sahib Məmmədovun şəxsi münasibətlər zəminində yanvarın 25-də Masallı rayonu ərazisində yerləşən “Adu Piramida” istirahət mərkəzində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
Hazırda Sahib Mahmudovun qətlə yetirilməsində təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.