Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb. Bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.
Bu barədə YeniAvropa-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ötən il əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə edilib. Həmin yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.
Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır.
Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 2018-ci ildə ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67-yə bərabər olub.