logo

Rejissor Rövşən Almuradlı dünyasını dəyişib

14:53 02-04-2019 | icon 3171
Rejissor Rövşən Almuradlı dünyasını dəyişib

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı 65 yaşında vəfat edib.YeniAvropa xəbər verir  ki, bu barədə mərhumun oğlu Kamal Almuradlı yerli KİV-ə məlumt verib.

Onun sözlərinə görə, R.Almuradlı ürək çatışmazlığından əziyyət çəkirmiş: "Atam Sumqayıtda dəfn olunacaq. Vida mərasiminin harda olacağı hələ dəqiq deyil".

Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.

1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbişli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.

1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub.

1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri kimi çalışıb.

O, 1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin, 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub.

1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümid" bədii filminin müəllifidir.