logo

“Buta Airways” Ankaraya birbaşa aviareyslərə başlayıb

13:31 02-04-2019 | icon 3927
“Buta Airways” Ankaraya birbaşa aviareyslərə başlayıb

Martın 31-dən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayıb.

YeniAvropa xəbər verir  ki,  Ankara loukosterin Türkiyəyə 4-cü istiqamətidir. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbul, Alanya və İzmirə müntəzəm reyslər yerinə yetirirdi. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara-Bakı (Esenboğa aeroportu, IATA: ESB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Komfortlu və rahat “Embraer-190” təyyarələri ilə həyata keçirilən Bakı-Ankara-Bakı reysləri həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir.

İlk reysin sərnişinləri sırasında media nümayəndələri də olub. Esenboğa hava limanında keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Asiya və Orta Asiyanın marşrutlar üzrə strategiya meneceri Elvin Razıyev bildirib ki, Ankara Azərbaycan üçün strateji və mühüm istiqamətlərdən biridir: “AZAL Ankaraya həftənin 5 günü uçuşlar həyata keçirir. “Buta Airways” şirkətinin həyata keçirəcəyi reyslərlə birlikdə Bakıdan Ankaraya həftənin bütün günləri səfər etmək mümkün olacaq”.

O qeyd edib ki, “Buta Airways” aviaşirkəti maydan başlayaraq Batumi, Odessa, Xarkov, Həştərxan və Ufa istiqamətində reyslər yerinə yetirəcək.

“Çələbi” Hava Xidmətlərinin Ankara sərnişin xidmətləri üzrə rəhbəri Hicran Öztaş bildirib ki, bununla da Bakıdan Ankara istiqamətində aviareyslər həftənin bütün günlərini əhatə edəcək. Həmin reyslərin təşkili Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına verilən əhəmiyyətli töhfədir və hər iki ölkənin turizm potensialının artırılmasında mühüm addımdır.

Qeyd edək ki, Bakı-Ankara-Bakı reysinə aviabiletləri aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür. “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Ankara İstanbuldan sonra Türkiyənin ikinci ən böyük şəhəridir. Şəhər Anadolu yaylasında Ankara və Çubuk çaylarının qovuşmasında yerləşir. Şəhər ölkənin mühüm siyasi və iqtisadi mərkəzidir. Paytaxt statusuna baxmayaraq, Ankara turistlər üçün də maraqlıdır. Burada hələ Roma dövründən qalan çoxlu sayda qədim və diqqətəlayiq yerlər mövcuddur: Roma hamamları, Yulian sütunu və Roma məbədi. Osmanlı dövründə isə Ankarada çoxlu sayda qədim binalar inşa olunmuşdur və həmin binalar indiyə kimi qorunub saxlanılıb.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. “Buta Airways”in uçuşları aeroportun “Terminal 2” girişindən həyata keçirilir.

Bakı-Ankara aviareysinin açılması ilə bağlı media nümayəndələri üçün Ankaranın görməli yerlərinə ekskursiya da təşkil olunub.