logo

Bakıda insan alverinə qarşı mübarizəyə dair beynəlxalq konfrans keçiriləcək

11:59 02-04-2019 | icon 2583
Bakıda insan alverinə qarşı mübarizəyə dair beynəlxalq konfrans keçiriləcək

Aprelin 3-də Bakıda, “Hyatt Regency” otelində “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” (ENCT) layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

YeniAvropa tədbirin təşkilatçılarına istinadla xəbər verir  ki, iki gün davam edəcək  tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha səmərəli aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarının iştirakı gözlənilir.

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunacaq.

İnsan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova və Belarusun, İnterpolun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələrinin təqdimatları dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaq.