“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya gətirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1520 millimetr standartlı izdən və 1435 millimetr standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib.
Qeyd edək ki, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.