Qazaxıstanda aşkar edilmiş təbii qaz ehtiyatları 3,9 trilyon kubmetr təşkil edir.
YeniAvropa xəbər verir ki, bu sözləri "Təbii qaz daşıma infrastrukturunun inkişaf yolu ilə Qazaxıstanın enerji təhlükəsizliyini təmin etmək" adlı dəyirmi masada Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqəliyev bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın təbii qaz ehtiyatına görə dünyada 22-ci yerdədir. Təbii qaz ehtiyatının 98 faizi ölkənin qərbində çıxarılır.
Nazir müavini keçən il Qazaxıstanın təbii qaz hasilatının əvvəlki ilə görə 5 faiz artaraq 55,5 milyard kubmetrə çatdığını və istehsalın əsas hissəsinin “Karaçaqanak” (34 faizi), “Tengiz” (28 faizi) və “Kaşaqan” (14 faizi) yataqlarından çıxarıldığını, ötən il ümumi 19,4 milyard kubmetr qazın ixrac olunduğunu qeyd edib.
O, Qazaxıstanın 19 min kilometrlik Beyneu-Bozoy-Çimkent boru xətti ilə Çinə təbii qaz ixrac etdiyini deyib. 2017-2018-ci illərdə Çinə 5 milyard kubmetr təbii qaz ixrac edilib. Ötən il bu həcmin ildə 10 milyard kubmetrə çatdırıldığını bildirib. Qazaxıstandan Çinə Beyneu-Bozoy-Çimkent boru xətti ilə ildə 15 milyard kubmetr qaz ixrac edilməsi üçün danışıqlar aparılır.