logo

TANAP-da ümumi işlərin 99,5 faizi başa çatdırılıb

18:28 28-03-2019 | icon 3241
TANAP-da ümumi işlərin 99,5 faizi başa çatdırılıb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilmiş toplantısında iştirak ediblər. Toplantıda TANAP layihəsinin hazırkı vəziyyəti müzakirə olunub.

Şirkətdən YeniAvropa-ya verilən məlumata görə, İdarə Heyətinə məruzə edilib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhədinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanıb və həmin hissədə yekun sazlama işləri aparılır. Beləliklə, layihənin hər iki mərhələsi üzrə ümumi irəliləyiş artıq 99,5 faizə çatdırılıb. Layihənin qrafiki qabaqlamaqla icra olunması ilə yanaşı, inşaat işləri beynəlxalq keyfiyyət standartlarına uyğun görülüb və təhlükəsizlik tələblərinə ən yüksək səviyyədə əməl edilib. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması nəzərdə tutulur.

TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı ötən il iyunun 12-də keçirilib və kommersiya məqsədli ilk təbii qaz iyunun 30-da bu kəmər vasitəsilə Türkiyə bazarına daxil olub. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51 faiz), “Botaş” (30 faiz), BP (12 faiz) və “SOCAR Turkey Enerji A.Ş” (7 faiz) şirkətləridir.