logo

Nobel prospekti və Zığ şosesində yeni sola və geriyə dönmə yerləri yaradılıb

16:31 28-03-2019 | icon 3437
Nobel prospekti və Zığ şosesində yeni sola və geriyə dönmə yerləri yaradılıb

Son vaxtlar Xətai rayonunun Nobel prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində - “Nargilə dairəsi” adlanan ərazidə müşahidə olunan tıxac və sıxlığın aradan qaldırılması və nəqliyyat yükünün azaldılması məqsədilə aidiyyəti qurumlarla aparılan birgə araşdırmalar nəticəsində hazırlanmış təkliflər Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərilib.

Bu barədə  YeniAvropa-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün komissiyanın müvafiq Qərarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şosesinin Sadıqcan küçəsi ilə kəsişməsində işıqfor nizamlanması tətbiq etməklə sola və geriyə dönmə yerlərinin təşkil edilməsi işləri qısa müddət ərzində yekunlaşdırılıb.

Hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.

Bakı şəhərinin küçə və prospektlərində tıxacların və sıxlığın aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə mütəmadi olaraq paytaxtın daha çox tıxac və sıxlıq müşahidə olunan ərazilərində araşdırmalar aparır və müvafiq təkliflər hazırlayırlar.