Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, daxil olan məlumat əsasında keçirilmiş əməliyyat zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 41,025 qram heroin və 17,588 qram çəkidə satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq, S.Qəhrəmanovun paytaxtda kirayədə yaşadığı evə də baxış keçirilib. Orada da əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkarlanıb. Mənzildə aşkarlanan narkotik vasitələr ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə əsasən müəyyənləşdirilib ki, evdən götürülən heroinin çəkisi 3 kiloqram 15 qram, marixuana isə 15 kiloqram 575 qramdır. S.Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və S.Qəhrəmanov barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.