logo

“Diqlas”da malları yananlara kompensasiyanı dövlət verəcək

10:57 28-03-2019 | icon 2996
“Diqlas”da malları yananlara kompensasiyanı dövlət verəcək

“Diqlas” Ticarət Mərkəzində malları yanan ticarətçilərə kompensasiyanı dövlət ödəyəcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov yanğından zərər çəkən ticarətçilərin bir qrupu ilə bu gün səhər saatlarında başlayan görüşdə məlumat verib.

Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov və digər rəsmi şəxslər iştirak edib.

"Müraciətlər dövlət başçısına çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib", - deyə Arif Qasımov bildirib.

Görüşdə Hüseyn Mövsümov isə deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. O, bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcəklər".

İcra başçısı A.Qasımov isə deyib ki, yaxın günlərdə komissiya üzvlərinin iştirakı ilə "Diqlas"a baxış keçiriləcək.

Görüş başa çatandan sonra ticarət mərkəzinin idarəçilərindən biri İcra Hakimiyyətinin qarşısında gözləyən icarədarlara dəymiş zərərin ödəniləcəyini, heç kimin kənarda qalmayacağını bildirib. Onun sözlərinə görə, komissiya tez bir zamanda siyahı tərtib edərək zərəri hesablayacaq.

Xatırladaq ki,  “Diqlas” Ticarət Mərkəzində 1000-ə qədər mağazanın olduğu bildirilir. İcarəçilərə dəyən zərər isə bir neçə min manatdan bir neçə yüz min manata qədər dəyişir. Ötən gün “Diqlas”ın idarəçilərindən biri-Araz adlı şəxs ticarətçilərin qarşısına çıxıb və deyib ki, obyektin əsl sahibləri ilə görüşməyə gedir. Və danışıqların nəticəsini sahibkarlara çatdıracaq. Habelə məlum olub ki, “Diqlas” Ticarət Mərkəzi əslində iki yerə bölünüb, yəni iki sahibi var. Mətbuatda yayılan məlumatlara görə ticarət mərkəzinin sahiblərindən biri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdur.