Martın 27-də saat 13:25-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) şəhərin Qaşaltı Qaraqoyunlu kəndində iki mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd 73 millimetrlik PQ-9 raketi götürülüb. Ətrafda aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə səkkiz ədəd PQ-9 raketi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin ətrafında 250 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.