logo

Bakıda avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb

17:35 27-03-2019 | icon 2919
Bakıda avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb

Martın 27-də səhər saatlarında paytaxtın Səməd Vurğun küçəsində 90-VX-692 dövlət nömrə nişanlı, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünə kobud qayda pozuntusuna yol verdiyi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) Alayının 10-cu tağımının əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkəti qaydalarını pozması “Təhlükəsiz şəhər” Avtomatlaşdirilmiş İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də lentə alınıb.

Avtobusun sürücüsü Təbin Hətəmovun hərəkətləri şübhə doğurduğu üçün o, polislər tərəfindən tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Qeyd edək ki, avtobus saxlanılan zaman nəqliyyat vasitəsində olan sərnişinlər əvvəlcə yol polislərinə etiraz ediblər. Amma sürücünün sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olandan sonra sərnişinlər onların həyatını real təhlükə yaradan sürücünü hərəkətdən kənarlaşdırdıqları üçün polislərə minnətdarlıqlarını bildiriblər. Sürücü izahatında spirtli içki qəbul etdiyini etiraf edib.

Araşdırma zamanı, həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub.

Qeyd edək ki, sərnişin avtobusunun sürücüsü T.Hətəmov barəsində toplanan material qərar verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.