Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin “Diqlas” Ticarət Mərkəzində ortaq olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin hissədarladından birinin qardaşı Məhərrəm əliyevin olması ilə bağlı mətbuatda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
A.Əliyev bildirib ki, qardaşı Məhərrəm Əliyevin heç bir ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur.
Deputat daha sonra qeyd edib ki, dayısı oğulu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır. “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz namusumuz və şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”,-deyə Adil Əliyev vurğulayıb.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub, ticarət mərkəzi tamamilə yararsız hala düşüb. Bəzi mətbuat orqanlarında həmin ticarət mərkəzinin şərikləri arasında Məhərrəm Əliyevin qohumlarının da olması ilə bağlı məlumatlar yayılıb.