logo

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə 10 mindən çox turist gəlib

15:30 25-03-2019 | icon 2653
Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə 10 mindən çox turist gəlib

Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla iki minə yaxın turist faydalanır.

YeniAvropa xəbər verir  ki, Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var. Son altı gündə turizm mərkəzi 10 mindən çox qonaq qarşılayıb.

“Şahdağ” Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Cahangirovun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək bayram proqramı və şənliklər hazırlanıb. Bu il bayram günləri üçün Turizm Mərkəzində yerləşən otellərdəki yerlərin 70-80 faizdən çoxu əvvəlcədən sifariş verilib. Hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb.

Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır.